Xəbərlər


"KamAz"-ın baş direktoru və nümayəndə heyəti Gəncə avtomobil Zavodunda oldu.
06.02.15

Rusiyanın ən böyük avtomobil şirkətlərindən olan "KamAz"-ın baş direktoru və onu müşayət edən nümayəndələr  Gəncə Avtomobil Zavodu İB-də olublar. Bu barədə məlumatı müəssisənin mətbuat xidmətindən veriblər. Qeyd olunduğuna görə "KamAz"-ın baş direktoru Sergey Anatoliyeviç Koqoqin, “KamAZ” Xarici Ticarət Şirkəti” QSC-nin baş direktorunun müavini Vasili Tsıqanov və “KamAZ” Xarici Ticarət Şirkəti” QSC-nin yığım layihələri üzrə direktor Uşakov Sergey Serafimoviç  Gəncəyə səfər etmiş, bağlanmış ikitərəfli lisenziya müqaviləsinin şərtlərinə uyğun olaraq müəssisəyə baxış keçiriblər. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin (İB) Müşahidə Şurasının sədri Xanlar Fətiyev və birliyin direktoru Kamran Nəzərov qonaqlarla birgə traktor və yük avtomobillərinin yığım xəttləri, eləcə də qaynaq və mexaniki sexdə olmuş, burada aparılan işlərlə yaxından maraqlanmışlar. Qonaqlar gələcəkdə Kamaz avtomobillərinin yığılması üçün nəzərdə tutulan yığım xəttinin yeri və görüləcək işlər barədə müzakirələr apardılar.

Müəssisəyə baxış keçirildikdən sonra ikitərəfli görüş keçirildi. Danışıqlar masası arxasında gələcək planlar, müqavilənin şərtlərinə uyğun işlərin qurulması, tez bir zamanda Gəncədə Kamaz-ın yığılmasını reallaşdırmaq üçün lazım olan işlər müzakirə olundu.

Görüşdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin (İB) Müşahidə Şurasının sədri Xanlar Fətiyev ölkə başçısı Prezident İlham Əliyevin şaxələndirilmiş, ixrac yönümlü iqtisadiyyatın inkişaf etdirilməsini vacıb məsələ kimi qarşıya əsas vəzifə kimi qoyduğunu və bu istiqamətin Gəncə Avtomobil Zavodu üçün prioritet sahə olduğunu xüsusi vurğuladı. Cənab Fətiyev 2004-cü ildən bu günədək müəssisədə həyata keçirilən bütün layihələn dövlət başçımızın birbaşa diqqət və qayğısı sayəsində reallaşdığını qeyd edərək əlavə etdi ki, qeyri-neft sektorunun, kənd təsərrüfatının və sənayenin inkişaf etdirilməsi qarşıya qoyulan vacıb məsələlərdəndir.

"Biz hesab edirik ki, ağır tonnajlı avtomobil sənayesındə qiqant müəssisələrdən olan Kamaz-la əməkdaşlıq Gəncə Avtomobil Zavodunun inkişaf tarixində yeni bir mərhələ olacaq. İkitərəfli əməkdaşlıq yeni layihələrin həyata keçirilməsinə köməklik edəcək. Müəssisəmizin bu istiqamətdə artıq yetərincə təcrübəsi olduğunu düşünürəm. Biz tezliklə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq işlərə starty verilməsi üçün əlimizdən gələni edəcəyik" deyə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin (İB) Müşahidə Şurasının sədri Xanlar Fətiyev vurğuladı.

"KamAz"-ın baş direktoru Sergey Anatoliyeviç Koqonin isə öz növbəsində onu və nümayəndə heyətini yüksək səviyyədə qarşıladıqları üçün “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Koqoqin qeyd edib ki, Gəncə müəssisəsi ilə əməkdaşlığa geniş önəm verilir və buna görə də şəxsən özü Azərbaycana səfər edib.

"Bu mənim Gəncəyə ilk səfərimdir. Biz bir brend müəssisə olaraq avtomobillərimizin harada və hansı şəraitdə, necə yığılacağının fərqinə varırıq. Buna görə də müəssisənin rəhbəri olaraq mən şəxsən gəlib Gəncə Avtomobil Zavodu ilə yaxından tanış olmaq istədim. Biz indi müqavilənin şərtlərinin birgə müzakirəsini həyata keçirməliyik. Hesab edirəm ki, layihənin reallaşması istiqamətində hər hansı problemlər olmayacaq. Yaxın vaxtlarda yeni yığım xəttinin işə salınması üçün biz öz növbəmizdə lazımı dəstəyi verəcəyik" deyə KamAz-ın baş direktoru əlavə edib. 



Geriyə