Xəbərlər


Ölkə rəhbərimiz İlham Əliyev Gəncə şəhərinə növbəti dəfə səfər edib.
26.10.14

İlham Əliyev Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.

Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə etdi. Dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxdılar. Məlumat verildi ki, VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. “İmamzadə”nin bərpası və təmiri üçün dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Prezidentin ehtiyat fondundan 9 milyon manat, bu ilin mayında isə daha 3 milyon manat vəsait ayrılıb. Dövlət başçısı burada görülən işlərlə şəxsən 2 dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyevə və xanımına məlumat verildi ki, kompleksin ərazisinin 10 min kvadratmetrinə asfalt örtüyü salınıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, mükəmməl infrastruktur yaradılır. Burada 42 metr hündürlüyündə 2 minarə, namazgah və ziyarət zalı tikilib. Ərazidə 500 avtomobil üçün 2 dayanacaq inşa edilib. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Layihəni icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib.

Dövlətimizin başçısı və xanımı beşinci imam Məhəmməd Bağırın oğlu İbrahimin məzarının yerləşdiyi türbədə oldular. Burada dua oxundu. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim bağışlandı.

Bildirildi ki, 200 kvadratmetr ərazini əhatə edən qurbangahda da işlər tamamlanır. Ziyarətgahın üçmərtəbəli əsas binasında təmir işləri başa çatır. Birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb.

Dövlət başçısına və xanımına ziyarətgahın digər sahələrində, həmçinin 1000 nəfərlik zaldan və mətbəxdən ibarət ehsanxanada hazırda davam etdirilən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev kompleksdə təmir-bərpa işlərinin uğurla yekunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Dövlət başçısı və xanımı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

İlham Əliyev “Stadler” Gəncə vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak edib


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış oldular.

Nəqliyyat naziri Ziya Məmmədov və “Stadler Rail Group” şirkətinin prezidenti Piter Şpuler dövlət başçısı İlham Əliyevə ətraflı məlumat verdilər. Bildirildi ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq.

“Stadler Rail Group” şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.

“Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” MMC arasında bağlanılan bu müqavilə son illər ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi və iqtisadi xəttin bəhrəsidir. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu dinamik inkişaf edərək, bu gün ölkəmizin regionda bu sahədə şəksiz liderliyini təmin etməyə imkan verib. Azərbaycan hazırda Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynamaqdadır. Prezident İlham Əliyev ölkədə nəqliyyat-logistika sahəsinin inkişafına xüsusi qayğı göstərir.

Dövlət başçısı “Stadler Rail Group” şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxdı.

Sonra Prezident İlham Əliyev zavodun təməlini qoydu.

Bildirildi ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunacaq zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır.

İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Stadler Rail Group” şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxdılar. Bildirildi ki, bu vaqonlar ən yüksək standartlara cavab verir.

Dövlət başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak edib


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.

Məlumat verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək.

Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.
Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib.

Mədəniyyət və incəsənətin inkişafına diqqət mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlara göstərilən qayğıda, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində özünü büruzə verir. Dövlətimizin başçısının mədəni həyatımızın inkişafına qayğısı Azərbaycanda sənət adamlarının yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi-mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və ya onlar üçün yeni binalar inşa olunur. Bu işlər bölgələrdə də uğurla davam etdirilir. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası da bunun əyani sübutudur.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoydu.


İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda binanın tikintisi davam etdirilir.
Dövlət başçısına məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın balkonunda Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Prezidenti İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

İlham Əliyev Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması və yenilərinin tikilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Bu prosesdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm rol oynayır. Fondun təhsillə bağlı layihələrində məktəbəqədər müəssisələrin yenidən qurulmasına, yenilərinin tikilməsinə, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı regionlarda da xeyli iş görülüb. Bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurlar əldə edilib. Bu layihələrdən əsas məqsəd son illərədək bir çox problemləri mövcud olan məktəbəqədər təhsildəki bütün çatışmazlıqların aradan qaldırılması idi. Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində artıq bu məqsədə nail olunub. Eyni zamanda, Heydər Əliyev Fondu bu sahədə hələ də mövcud olan problemlərin aradan qaldırılması üçün yeni bir layihəyə start verib. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı ictimaiyyətə təqdim edilib.

Prezident İlham Əliyev 2 nömrəli körpələr evi-uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçası ilə yaxından tanış oldular. Məlumat verildi ki, ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 7 qrup yaradılıb və uşaqların istirahəti üçün geniş imkanlar var. Bu qruplarda təlim-tərbiyə işləri Azərbaycan və rus dillərində aparılır. Uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.
Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb. Burada da uşaqların mənalı istirahəti üçün hər cür şərait vardır.

İlham Əliyev Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak edib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər.

Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində son illərdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib.

Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Bölgələrdə yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Gəncə şəhərindəki 4 nömrəli tam orta məktəbdir. Təhsil ocağının yeni korpusunda təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yeni korpusun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına və xanımına məktəbdə görülən işlərlə bağlı məlumat verildi. Məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2012-ci ildə məktəbin 930 şagird yerlik binası əsaslı təmir edilib. Bu təhsil ocağının 960 şagird yerlik yeni korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cari ildə inşa edilib. Burada 48 sinif, 4 kabinet-laboratoriya, 3 informasiya–kompyuter otağı, müəllim və şagirdlər üçün bufet, tibb otağı fəaliyyət göstərir. İdman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bildirildi ki, yeni tədris ilində məktəbdə 2150-dən çox şagird təhsil alacaq.

İlham Əliyev Gəncənin Cavad Xan küçəsində sakinlərlə görüşüb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Cavad Xan küçəsində olublar.

Dövlət başçısı və xanımı burada sakinlərlə görüşüb söhbət etdilər.

Mənbə: www.ganja-ih.gov.az

 

“Gəncə avtomobil zavodu” İB-nin iqtisadi göstəriciləri keçən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlmişdir.

 

Bu ilin 9 ayı ərzində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ümumilikdə 1009 ədəd “Belarus” markalı traktor istifadəyə verilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 536 traktor çoxdur. Bu fərq “MAZ” markalı ağır tonnajlı avtomobillərin də yığımındə özünü göstərir. Belə 2013-cu ilin 9 ayı ərzində 184 “MAZ” istehsal olunmuşdursa da 2014 ilin hesabat dövründə bu rəqəm 202 təşkil etmişdir.

Hesabat dövründə 15 ədəd traktor qoşqusu istifadəyə verilib. Bu ilin 9 ayı ərzində müəssisədə ümumilikdə 732 ədəd asma avadanlıq istehsal olunub ki, bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 73 ədəd çoxdur. 2014 ilin 9  ayı ərzində müəssisədə 24 ədəd ağır tonnajlı yüklərin daşınması üçün qoşqu yığılaraq istifadəyə verilmişdir. 2014-cü ilin 9 ayı ərzində istehsalın həcmi 53,7 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 milyon manat çoxdur. Bu artım realizə olunmuş malların həcmində də özünü nəzərəçarpacaq dərəcədə göstərir. Belə ki, bu ilin hesabat dövründə realizə olunmuş malların həcmi 56,6 milyon manat olmuşdur ki, bu da ötən illə meqayisədə 18 milyon manat çoxdur.  2014-cü ilin 9 ayı ərzində büdcə və büdcədənkənar fondlara ödəniş isə 3,5 milyon manat, orta aylıq əmək haqqı fondu 193,3 min manat olmuşdur. Müəssisəmizdə ilin 9 ayında  orta aylıq əmək haqqı isə 394,3 manat olmuçdur ki, bu da ötən illə müqayisədə 67 manat çoxdur.

 

 

Gəncə əvvəlki illərdə olduğu kimi cari ilin 9 ayını da uğurla yola saldı.

 

9 ayın yekununa həsr olunmuş hesabat yığıncağı Gəncə və gəncəlilər üçün əlamətdar olan tarixi hadisə – Prezident cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın bu qədim şəhərə 13-cü səfərindən sonrakı günə təsadüf etmişdir. Gəncəlilərin fərəhi müqayisəyəgəlməzdir. Çünki Prezident hər səfərində olduğu kimi, mühüm sənaye və mədəniyyət obyektlərinin, «Stadler» Gəncə vaqon istehsalı zavodunun, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak etmişdir. Prezident və xanımı 4 nömrəli tam orta məktəbin və 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edərək qırmızı lenti kəsmiş, «İmamzadə» dini-tarixi kompleksdə və Gəncə Dövlət Filarmoniyasında aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuş, işlərin uğurla yekunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Hər zaman Gəncəyə böyük diqqət və qayğı göstərən Prezident cənab İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü və ardıcıl siyasəti nəticəsində son illər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində müşahidə olunan inkişaf dinamikası cari ilin 9 ayında da qorunub saxlanılmış və bir sıra yüksək göstəricilər əldə olunmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağında bütün bunlar barədə ətraflı söhbət aparılmış, görülən işlər nəzərdən keçirilərək, qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev demişdir ki, 2014-cü ilin 9 ayında şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 315,7 manat, 2013-cü ilin müvafiq dövründə isə 294,9 manat təşkil etməklə 7,0 faiz artmışdır. Yerli biznes mühitinin inkişafı üçün şəhərdə yaradılmış əlverişli şərait özəl subyektlərin say tərkibinin davamlı artımını təmin etmişdir. Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksi şəhər iqtisadiyyatının digər sahələri kimi davamlı inkişaf etmişdir. 2014-cü ilin 9 ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 8,7 faiz üstələmişdir. Bu müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 11,3 milyon manat olmuşdur. İcra başçısı diqqətə çatdırmışdır ki, əvvəlki aylarda olduğu kimi cari ilin 9 ayında da şəhərdə aparılan abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Gənclərin və gəncəlilərin sevimli məkanına çevrilmiş ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleksdə 4 min kvadratmetr ərazidə əyləncə mərkəzinin və qış parkının tikintisi davam etdirilmişdir. Ölkə başçısının xeyir-duası ilə təməli qoyulmuş Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilmiş, Gəncə Olimpiya Parkının tikintisi davam etdirilmişdir. Orta əsr Azərbaycan memarlığının qiymətli incisi olan «İmamzadə» dini-memarlıq kompleksinin təmiri, bərpası sürətləndirilmiş, ətrafında abadlaşdırma işləri aparılmışdır. Atatürk prospektində inşa edilən 50 mənzilli yaşayış binasının istifadəyə verilməsinə az qalır. Yeni inşa edilən şəhər Təhsil idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, Mərkəzi Bankın Gəncə filialı, eləcə də Kəpəz rayon Polis idarəsi üçün inşa edilən inzibati binaları istifadəyə verilmişdir. Bundan başqa şəhər ərazisində yerləşən park və xiyabanların əsaslı şəkildə yenidən qurulması, həmçinin yaşıllıqların salınması davam etdirilmişdir. Sonra çıxışlar olmuş, şəhərin sosial-ictimai həyatında fərqlənənlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur. 9 ayın sosial-iqtisadi yekunları bunu söyləməyə əsas verir ki, Gəncədə bütün sahələrdə uğurlu inkişafa nail olunmuşdur.

 

Mənbə: www.ganja-ih.gov.az



Geriyə